Bakı. Trend:
Əvvəlki dövrlərlə müqayisədə neqativ hallar əhəmiyyətli dərəcədə azalıb, lakin mövcud vəziyyət hələ də qənaətbəxş hesab olunmur.
Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkən deyib.
O bildirib ki, daxili nəzarət və monitorinq tədbirləri çərçivəsində hər bir hal təhlil olunur və bu məlumatlar əsasında konkret göstərişlər verilir.
"Tibbi xidmətlərin əlçatan olması qədər, onların keyfiyyətli şəkildə həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Tibb mərkəzlərinin reanimasiya və intensiv terapiya şöbələrində xəstələrin çeşidlənməsinin vaxtında və düzgün aparılmaması, keyfiyyətin idarə olunması, vətəndaş məmnunluğu məsələləri ciddi şəkildə tənzimlənməlidir. Ümumilikdə, ölkə üzrə tabeli tibb müəssisələrinə gün ərzində 100 minə yaxın müraciət daxil olur. Əlbəttə, bu təkcə kəmiyyət yox, eyni zamanda keyfiyyət göstəricisidir. Lakin bu yüksək göstərici yalnız böyük müəssisələr tərəfindən ödənilməməlidir. Müəssisə rəhbərləri bu sahədə nəzarəti gücləndirməlidirlər. Məqsədimiz birdir - vətəndaşlarımıza daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərmək” - deyə V.Qurbanov vurğulayıb.