...

İçərişəhərdə 25 il ərzində abidələrin qorunması və turizmin inkişafında böyük irəliləyişlər əldə olunub - Rüfət Mahmud

Cəmiyyət Materials 14 İyul 2025 16:39 (UTC +04:00)
İçərişəhərdə 25 il ərzində abidələrin qorunması və turizmin inkişafında böyük irəliləyişlər əldə olunub - Rüfət Mahmud
Sahil Kərimli
Sahil Kərimli
Bütün xəbərlər

Paris. Trend:

Bu, xalqımız üçün önəmli bir gündür.

Trend xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İçərişəhərin dünya mədəni irs siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan tədbir keçirilib:

“2000-ci ildə verilmiş bu qərar İçərişəhərin sadəcə bir abidə kimi tanınması deyil, həm də dünya mədəniyyət xəritəsində öz yerinin müəyyənləşdirilməsidir. Tədbirdə ekspertlərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri və həmin prosesdə iştirak etmiş mütəxəssislər də çıxış edərək fikirlərini bölüşdülər”.

“25 il ərzində İçərişəhərdə çox böyük işlər görülüb. Abidələrin qorunması həyata keçirilib, yaşayan insanlar üçün daha yaxşı şərait yaradılıb, mühəndis-kommunikasiya sistemləri təkmilləşdirilib. Turizm sahəsi isə daha da inkişaf edib. Növbəti illərdə isə daha böyük işlər görülməsi planlaşdırılır”, – deyə Rüfət Mahmud bildirib.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti