Bakı. Trend:
Mediada dilin saflığının qorunması, ifadələrin və idiomların düzgün işlədilməsi çox vacibdir, lakin reallıqda bu, hər zaman tam mümkün olmur.
Trend xəbər verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzulu panel sessiyada “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı deyib.
O bildirib ki, ədəbiyyatda və ya ədəbi materiallarda olduğu kimi, ifadələri və deyimləri tam yerində və mükəmməl şəkildə işlətmək hər zaman mümkün deyil:
"Kim bu peşəkarlığa yüz faiz əməl etdiyini deyirsə, yanılır. Müasir media mühitində tələskənlik, operativlik və kanvi üsulla işləmək müəyyən səhvlərə yol aça bilər. Amma ən narahatedici məqam odur ki, bəzi üslub səhvləri artıq normaya çevrilib".
V.Mahirqızı qeyd edib ki, bəzi hallarda dilin təbii ifadə gücü süni şəkildə məhdudlaşdırılır:
"Məsələn, "ölmək" sözü Azərbaycan mediasında az qala yasaq ifadəyə çevrilib. Kiminsə haqqında "öldü" yazanda dərhal etirazlar gəlir. Amma bu, dilimizdə tam normal və doğru sözdür. Əvəzində "dünyasını dəyişdi", "həlak oldu" kimi ifadələrdən istifadə olunur. Halbuki biz dilin təbiiliyini və ifadə gücünü qorumağa çalışmalıyıq", – deyə o vurğulayıb.
Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dili üçün süni intellekt əsaslı imla və üslub səhvlərini yoxlayan sistemin yaradılmasına ehtiyac var: "Dövlət dili haqqında qanunda bu istiqamətdə normativlərin müəyyənləşdirilməsi vacibdir. Dünyanın bir çox qabaqcıl ölkələrində dil normalarının pozulmasına görə cərimələr tətbiq olunur".