Bakı. Trend:
Tədrisi digər dillərdə olan məktəblər "Azərbaycan tarixi" ilə yanaşı başqa fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev bu gün Bakıda keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan dilinin tədrisi genişlənir:
“Artıq “Hərbi hazırlıq” və “Musiqi” fənləri tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”, - o vurğulayıb.
