...

Günahkar universitet çıxarılır – Qərbi Kaspi Universiteti

Cəmiyyət Materials 2 Aprel 2026 17:54 (UTC +04:00)
Günahkar universitet çıxarılır – Qərbi Kaspi Universiteti
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Kasp Universiteti dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş istənilməsi məsələsinə münasibət bildirib.

Universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsi isə qalıb:

"Məlum olduğu kimi, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür.

Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsi isə qalıb. Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılıb. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz.

Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib.

Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır.

Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq".

Həmçinin bildirilib ki, universitet hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədədir və geri dönüş gözləyir. İctimaiyyətə gedişat barədə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti