Uşaqları yay tətilinə necə hazırlamalı? Səhiyyə Nazirliyinin ekspertindən açıqlamalar

Cəmiyyət Materials 8 İyun 2026 11:05 (UTC +04:00)
Uşaqları yay tətilinə necə hazırlamalı? Səhiyyə Nazirliyinin ekspertindən açıqlamalar
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yay mövsümü uşaqlar üçün istirahət, oyun və yeni təcrübələr dövrü olsa da, bu fəslin özünəməxsus sağlamlıq riskləri də var. Günvurma, susuzlaşma, qida zəhərlənmələri və müxtəlif travmalar isti aylarda daha çox rast gəlinir. Uşaqların yaya düzgün hazırlanması, qidalanma və təhlükəsizlik qaydalarına əməl olunması onların sağlam inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Trend bu mövzuda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynovanın müsahibəsini təqdim edir.

- Uşaqların yay mövsümünə hazırlığı nədən başlamalıdır?

- Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalı, ehtiyac olduğu halda müəyyən laborator və instrumental müayinələr aparılmalıdır. Yay ərzində hansı sağlamlaşdırıcı prosedurların həyata keçirilməsini müəyyənləşdirmək məqsədilə uşağın sağlamlıq vəziyyəti dəyərləndirilməlidir.

Tətili planlaşdırarkən yalnız böyüklərin deyil, uşaqların da istəkləri öyrənilməlidir ki, yay üçün "arzu siyahısı" uşaqla birgə tərtib olunsun (piknik, gəzinti, nənə-babaya baş çəkmək, yaradıcı fəaliyyətlər və s.).

Bununla yanaşı mövsümlə əlaqəli təbii parçalardan hazırlanmış yüngül geyimlər, rahat ayaqqabılar, günəş papaqları, qoruyucu kremlər, ağcaqanad və digər həşəratlar əleyhinə vasitələr, oyuncaqlar (sahildə qumla oynamaq üçün ləvazimatlar, çərpələng və s.) əldə etmək lazımdır.

İstirahət məkanına qısa və ya uzunmüddətli tətil planlaşdırırsınızsa, mütləq həmin yerin uşaqlar üçün hansı aktivlikləri təklif etdiyini, həmçinin yollanacağınız yerin təmizlik və gigiyena vəziyyətini öncədən öyrənmək vacibdir. Məsələn, hovuz və oyun məkanları hansı intervalla təmizlənir, dezinfeksiya edilir? Əgər qidalanma da istirahət paketinə daxildirsə, mətbəxin vəziyyəti, uşaq rasionuna uyğun qidaların olub-olmaması mütləq aydınlaşdırılmalıdır.

Bildiyimiz kimi, hazırda uşaqlar telefon, kompüter və onlayn oyunlara daha çox meyil göstərirlər. Yay mövsümündə maraqlı fəaliyyətlər, oyunlar təşkil edilməlidir ki, uşaqların diqqəti rəqəmsal cihazlardan yayınıb daha faydalı, sağlamlığı möhkəmləndirən fəallıqlara yönəlsin. Son zamanlar məktəblilər üçün yay düşərgələri təşkil edilir. Orada həm fiziki aktivlik, həm də zehni inkişaf, məsələn, xarici dildə danışıq vərdişlərinin yaxşılaşdırılması üçün müxtəlif proqramlar keçirilir. Uşaqlar bu düşərgələrə adətən valideynsiz yollanırlar. Əgər uşağınız düşərgəyə ilk dəfə gedirsə, stresi azaltmaq üçün oradakı həyatın necə olduğunu anlatmaq, həmin düşərgəyə aid qısa videolar izlətmək və bu barədə əvvəlcədən müzakirə etmək olar.

- Yay fəslində uşaqların qidalanması necə təşkil olunmalıdır və immunitetin gücləndirilməsi üçün hansı tədbirlər görülməlidir?

- Yayda uşaqlar günün çox hissəsini açıq havada keçirir, uzun gəzintilərə çıxır, bağda, həyətdə qaçır, oynayır və daha aktiv olurlar. Bu dövrdə onlarda böyümə prosesi də sürətlənir. İntensiv böyümə və artan tərləmə orqanizmdə maye və vitamin itkisinə səbəb olur, maddələr mübadiləsi aktivləşir və qidaya olan ehtiyac artır.

Uşaqların rasionunda tərəvəzlər (kahı, kələm, yerkökü, çuğundur, balqabaq, xiyar, pomidor), meyvələr, göyərtilər, ət və süd məhsulları, o cümlədən həzmə faydalı təsir göstərən kəsmik, fermentləşdirilmiş südlü içkilər, kokteyllər və dondurma üstünlük təşkil etməlidir. Bizim mətbəximizdə adətən tərəvəzlər və təbii şirələr yalnız nahar və ya şam yeməyi zamanı istifadə edilir. Lakin çox yaxşı olar ki, təzə sıxılmış meyvə şirələri, xiyar, pomidor və digər tərəvəzlər səhər yeməyinə də daxil edilsin.

Maye qəbuluna da xüsusi diqqət yetirilməlidir. Əksər hallarda isti yay günlərində iştah azalır, həzm şirələrinin ifrazı pozulur və maye tələbatı artır. Bu zaman uşaqlar daha çox maye qəbul etdikləri üçün qidaya maraqları azalır. Sanki su və digər içkilərlə özlərini tox tuturlar.

Yay mövsümündə qidaları hazırlayarkən sanitariya və gigiyena tələblərinə ciddi riayət etmək vacibdir. Əks təqdirdə, bu vəziyyət qida zəhərlənməsi və ya bağırsaq infeksiyalarının yaranması üçün real risk mənbəyinə çevrilə bilər.

- D vitamininin profilaktikası yay aylarında necə aparılmalıdır?

- Yay aylarında uşaqlarda D vitamininin profilaktikasının aparılması mütləqdir. Həftədə 2–3 dəfə 10–15 dəqiqə, üz və qollar açıq olmaq şərtilə, günəşdən qoruyucu krem istifadə etmədən təmiz havada gəzintilərin təşkil olunması tövsiyə olunur. Qeyd edək ki, SPF dərəcəsi 8–15-dən yüksək olan günəşdən qoruyucu vasitələr dəridə D vitamini sintezini demək olar ki, tamamilə bloklayır.

D vitamininin profilaktik olaraq qəbulu (adətən yaşdan asılı olaraq 500–1500 BV) xüsusilə kiçik yaş qruplarında, məsələn, 2 yaşınadək uşaqlarda yay aylarında belə dayandırılmamalıdır. Təəssüf ki, bəzi analarda D vitamininin istifadəsinə dair yanlış təsəvvürlərin formalaşdığını müşahidə edirik: onların az bir hissəsi həkimin tövsiyə etdiyi preparatı istifadə etməyə başlayır və ilk qutu bitən kimi, digərləri isə uşağın 6–12-ci aylarında istifadəni dayandırırlar. Xatırladım ki, ÜST bütün yaş dövrlərində, yenidoğulmuşlardan tutmuş ahıl yaşlı insanlara qədər hər kəsə D vitamini profilaktikası aparılmasını tövsiyə edir.

İldə ən azı 1 dəfə uşaqların qanında D vitamini, kalsium, fosfor, maqnezium, dəmir və digər mineralların səviyyəsinin yoxlanılması məqsədəuyğundur. Çünki D vitamininin azlığı kimi, çoxluğu da orqanizm üçün ciddi narahatlıq doğura bilər.

- Günvurma və istilik vurmasının qarşısını necə almaq olar?

- Uşaqları günəş şüalarının zərərli təsirindən qorumaq üçün saat 11:00 ilə 16:00 arasında gəzintiyə çıxmaqdan çəkinmək lazımdır. Təbii parçalardan (kətan, pambıq) hazırlanmış, açıq rəngli, günəş şüalarını əks etdirən (yəni istiliyi özünə çəkməyən), dərini örtən və nəfəs alan geyimlərə və papaqlara üstünlük verilməlidir.

Susuzluq hissinin yaranmasını gözləmədən uşaqlara tez-tez maye (su, təbii şirələr) verilməlidir.

Həmçinin, mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Çimərlikdə üzmək və kölgədə istirahət etmək arasında müəyyən fasilələr (növbələşmə) təyin olunmalıdır.

Qeyd edim ki, uşaqlarda üzün qızarması, yüksək hərarət, baş ağrısı, halsızlıq, ürəkbulanma, qusma, nəbzin sürətlənməsi günvurma əlamətlərindən hesab edilir. Bu zaman ilkin yardım uşağı dərhal kölgəli və sərin bir məkana apararaq baş tərəfini bir qədər qaldırmaqla uzatmaq, paltarlarını çıxarıb və ya yaxasını açaraq havalandırmanı yaxşılaşdırmaqdır. Üzü sərin su ilə islatmaq, alına, qoltuqaltına və qasıq nahiyyəsi soyuq kompres qoymaq, həmçinin uşağa sərin su içirtmək lazımdır. Bu ilkin yardım tədbirləri kömək etməsə, təcili yardım çağırılmalıdır.

- Açıq havada oyun zamanı travmaların qarşısını necə almaq olar?

- Yay aylarında uşaqlar daha çox açıq havada olur, aktiv oynayırlar ki, bu da müxtəlif xəsarətlərin artmasına səbəb olur. Uşağın dünyanı kəşf etməsinin qarşısını almaq mümkün olmasa da, valideynlərin əsas vəzifəsi onları potensial təhlükələrdən qorumaqdır. Xüsusilə məktəbəqədər yaş dövründə maraq dairəsinin genişliyi, hərəkət koordinasiyasının zəifliyi və həyat təcrübəsinin azlığı müxtəlif riskləri artırır.

Bu dövrdə uşaqlarda ən çox isti əşyalar, qaynar su, buxar, elektrik cihazları və açıq alovla təmas nəticəsində yanıq halları baş verir. Bunun qarşısını almaq üçün isti yeməklər uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalı, uzun süfrələrdən istifadə edilməməli, elektrik vasitələri təhlükəsiz yerlərdə yerləşdirilməlidir. Açıq naqillər, qorunmayan rozetkalar və nasaz cihazlar uşaqlar üçün ciddi risk yaradır.

Bununla yanaşı hündürlükdən yıxılmalar çox rast gəlinən hallardandır. Pəncərələr, eyvanlar, pilləkənlər və mebellər uşaqlar üçün təhlükəlidir. Xüsusilə qeyd olunmalıdır ki, ağcaqanad torları qoruyucu vasitə deyil və uşaqların pəncərədən yıxılmasının qarşısını almır. Açıq pəncərələrin yanında mebel yerləşdirilməməli və qoruyucu məhəccərlər quraşdırılmalıdır.

Kiçik əşyalarla oynamaq boğulma riskini artırır. Buna görə uşaqlara xırda əşyalar verilməməli, qidalanma zamanı nəzarət gücləndirilməlidir. Eyni zamanda dərmanlar və kimyəvi maddələr uşaqlar üçün əlçatmaz, düzgün qablaşdırılmış şəkildə saxlanılmalıdır ki, zəhərlənmə halları baş verməsin.

Daha böyük yaşlı uşaqlarda velosiped və nəqliyyat qəzaları geniş yayılıb. Bu səbəbdən uşaqlara təhlükəsiz davranış qaydaları öyrədilməli, velosiped sürərkən qoruyucu vasitələrdən (dəbilqə, dizlik və s.) istifadə edilməli, avtomobildə isə təhlükəsizlik kəməri və uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqdan istifadə olunmalıdır.

Su hövzələri isə yay aylarında ən təhlükəli məkanlardan biridir. Uşaqlar suda və ya su kənarında heç vaxt nəzarətsiz buraxılmamalı, onlara suda davranış qaydaları öyrədilməlidir.

- Uşaqlarda sağlam həyat tərzini formalaşdırmaq üçün yaydan necə istifadə etmək olar?

- Yay mövsümü uşaqlarda sağlam həyat tərzinin inkişafı üçün ən əlverişli dövrdür. Açıq havada vaxt keçirmək, günəş, təmiz hava, dəniz və meşə gəzintiləri, aktiv oyunlar və vitaminlə zəngin meyvə-tərəvəzlərdən istifadə immunitetin güclənməsinə kömək edir.

Fiziki fəaliyyətlər – gəzinti, velosiped sürmə, açıq hava oyunları və üzgüçülük uşaqların inkişafına müsbət təsir göstərir. Eyni zamanda düzgün qidalanma, kifayət qədər maye qəbulu, yuxu rejiminin qorunması və gigiyena qaydalarına əməl edilməsi də vacibdir.

Yay fəsli uşaqlarla yanaşı əksər valideynlərin də məzuniyyət (tətil) dövrü ilə üst-üstə düşür. Bu bir faktdır ki, qloballaşan dünyada, xüsusilə böyük şəhərlərdə gündəlik iş rejimi, tıxaclar və digər problemlər üzündən bəzən il ərzində uşaqlara kifayət qədər zaman ayıra bilmirik. Bu səbəbdən yay il boyu itirdiklərimizi bərpa etmək üçün ən gözəl vaxtdır.

Uşaqlarınıza vaxt ayırın, onlara diqqət yetirin, bizim üçün “kiçik, əhəmiyyətsiz”, onlar üçünsə “böyük, çıxılmaz” görünən problemləri ilə maraqlanın, zamanında onlara əl tutun.

Bütün ailə ilə aktiv vaxt keçirin, gəzintiyə çıxın, aktiv oyunlarla piknik təşkil edin, hovuza birlikdə baş çəkin. Uşaq ailədə isti münasibəti, güvəni, onun sevimli, arzuolunan olduğunu zamanında hiss etməlidir ki, gələcəkdə də ətrafa sevgi, istilik və güvən ötürsün.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti