Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyatında 9 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinn Mətbuat xidməti məlumat yayıb.
Əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar. Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55270 manat pul vəsaiti aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün Narkomaniyaya və Narkotiklərin Qanunsuz
Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. BMT-nin Narkotiklər
və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2025-ci il Dünya
Narkotiklər Hesabatına görə, 2023-cü ildə dünyada 15-64 yaş
arasında təxminən 316 milyon insan, yəni dünya əhalisinin 6 faizi
ən azı bir dəfə narkotik vasitədən istifadə edib. Bu göstərici son
on ildə təxminən 28 faiz artıb.
