Bakı.Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend-in məhkəmədəki müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə tərkibin hakimi Mahirə Kərimovanı Neymət Məmmədovun dəyişdirildiyiproses iştirakçılarına çatdırılıb.
Tərəflər buna etiraz etməyib.
Məhkəmə şahid ifadələri ilə davam etdirilib.
Şahid Aydın Alxasov məhkəmədə ifadəsi zamanı bildirib ki, İlqar Mustafayevi şəxsən tanıyır və iş üçün özü ona müraciət edib.
Şahidin sözlərinə görə əvvəlcə bulvarda istifadə edilən velosipedlərin təmirçisi olaraq çalışıb, sonra qarajda mexanik işləyib.
Məhkəmədə şahid qismində ifadə verən Tural Mirzəyev təqsirləndirilən Fuad Babayevi tanıdığını, ulvarda obyektlərdən icarə haqlarını ona verdiyini, bunun da müdiriyyətin tapşırığı olduğunu qeyd edib.
İş üzrə təqsirləndirilən Fuad Babayev şahidi tanıdığını bildirib. O, idarədə bie müddət kassir kimi çalışıb, Turaldan aldığı pulları alaraq bulvar idarəsinə təhvil verib.
Şahid məhkəməyə bildirib ki, 2020-ci ildən sonra bulvar idarəsinə pul verməyib.
Məhkəmə şahidlərin ifadəsi ilə 10 iyulda davam edəcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb..
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
