Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 16 İyul 2026 15:30 (UTC +04:00)
Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Qusar. Trend:

Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunub. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi təqdim edilib. Bildirilib ki, layihə çərçivəsində bu il ölkənin müxtəlif bölgələrində yerləşən 220 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Tədbir iştirakçılarına, həmçinin Komitənin AMIN İnformasiya Sistemi təqdim olunub. Qeyd edilib ki, sistem Komitənin və tabeliyindəki qurumların fəaliyyətinin, göstərilən xidmətlərin və informasiya resurslarının operativ, şəffaf və əlçatan şəkildə idarə edilməsini təmin etmək məqsədilə yaradılıb.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, AZƏRTAC İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov və media rəhbərləri çıxış edərək dini mövzuların işıqlandırılmasında peşəkarlığın, obyektivliyin və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıblar.

Konfrans çərçivəsində “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” və “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” mövzularında iki panel sessiyası keçirilib.

Birinci paneldə rəqəmsal media mühitində dini diskursun formalaşması, dezinformasiya və informasiya manipulyasiyasının yaratdığı təhlükələr, sosial şəbəkələrin dini mövzulara təsiri və rəqəmsal dövrdə yeni çağırışlar müzakirə olunub.

İkinci paneldə isə dini mövzuların peşəkar işıqlandırılması, jurnalistlərin dini savadlılığının artırılması, mənəvi dəyərlərin qorunmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam edəcək. Mediatur çərçivəsində iştirakçılar Quba “Cümə” və “Səkinəxanım” məscidləri, “Dağ Yəhudiləri Muzeyi” və “Giləki” sinaqoqu ilə tanış olacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti