Bakı. Trend:
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda 112 kiloqramdan artıq heroinin Azərbaycan ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb. Risk əlamətləri müəyyən edildikdən sonra yük ətraflı gömrük baxışına cəlb olunub.
Yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində, xüsusi üsulla gizlədilmiş vəziyyətdə aşkarlanıb.
Müəyyən edilib ki, çətinləşdirilmiş gizlətmə üsulundan istifadə olunmaqla daşınmağa cəhd edilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
