...

Banda üzvü: Hacı Məmmədovdan qorxduğum üçün Azər İsmayılovun qətli haqda danışmadım

Cəmiyyət Materials 2 Oktyabr 2006 15:50 (UTC +04:00)

Oktyabrın 2-də Hacı Məmmədovun bandasının üzvü Əliqulu Quliyevin məhkəmə ifadəsi dinlənilib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Hacı Məmmədovun vəkili Səməd Əliyev məhkəməyə məlumat verib ki, sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyində Hacı Məmmədovla görüşərkən Vüqar adlı müstəntiq qanunsuz olaraq onun üzərində heç bir məhkəmə qərarı olmadan axtarış aparıb. Hakim Əli Seyfəliyev isə vəkilin nəzərinə çatdırıb ki, müstəntiqin hər hansı qanunsuz hərəkətiylə əlaqədar MTN İstintaq İdarəsinin rəhbərliyinə müraciət edə bilər.

Daha sonra təqsirləndirilən Əliqulu Quliyev ifadə verib. Ə.Quliyev ifadəsində göstərib ki, Hacı Məmmədovla Saray qəsəbəsində bağ qonşusu olublar. "Əvvəlcə Hacını Daxili İşlər Nazirliyində işləyən polis podpolkovniki kimi tanımışam. Məlumatım var idi ki, yaxşı milis işçisi kimi SSRİ prezidenti Mixail Qorbaçov Hacı Məmmədovu yaxşı milis işçisi olduğuna görə ordenlə təltif edib, buna görə də Hacıya hörmətlə yanaşırdım. 2000-ci ilin iyun ayında Hacı mənə dedi ki, DİN-də işləyən Azər adlı bir nəfərlə görüşmək istəsə də, həmin şəxs ondan qaçır. Mənə 300 dollar verib xahiş etdi ki, mən Azəri aldadıb onun yanına gətirim" - deyə təqsirləndirilən şəxs məhkəmənin nəzərinə çatdırıb.

Ə.Quliyev bildirib ki, DİN-ə gedərək Azər İsmayılovla görüşüb və sonuncuya 300 dollar verib. A.İsmayılovdan xahiş edib ki, narkotik maddələr qəbul edən yaxın qohumunu bu yoldan çəkindirmək məqsədilə onunla birlikdə həmin qohumugilə getsin. A.İsmayılovu bu yolla aldadaraq onu banda üzvü Nailə Quliyevaya məxsus evə gətirib.

"Sabahı gün Hacı mənə dedi ki, Azəri öldürmüşəm, səsini çıxartsan, sən də həyatından küs. Həmin vaxtdan da Hacı məni Qarabulağa işə götürdü. Mən Hacıdan qorxduğum üçün Azər İsmayılovun qətli ilə bağlı müvafiq orqanlara məlumat verə bilmədim" - deyə Ə.Quliyev söyləyib.

Məhkəmə iclası Ə.Quliyevin ifadəsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti