...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində əlavə şahidlərlə bağlı vəsatətlər müzakirə edilib

Cəmiyyət Materials 30 Mart 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan digər 10 nəfərin məhkəməsi cümə günü dövlət ittihamçısının və vəkillərin əlavə şahidlərlə bağlı qaldırdıqları vəsatətlərin müzakirəsi ilə davam edib.

Məhkəmə iclası başlayan kimi artıq məhkəməyə gəlməmiş şahidlərin ibtidai istintaqa verdikləri ifadələrin elanı da başa çatdığı üçün dövlət ittihamçısı Kamran Əliyev vəsatət qaldıraraq əlavə şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib. Prokuror təqsirləndirilən şəxs Akif Məhərrəmovun yaşadığı mənzildə axtarış aparılarkən 30 milyona yaxın (köhnə AZN) məbləğdə pulun aşkar edilməsi zamanı iştirak etmiş 7 nəfər hal şahidinin məhkəmədə dindirilməsini vacib sayıb. Akif Məhərrəmovun vəkili

Vaqif Əliyev də eyni vəsatətlə çıxış edib.

Vəsatət qismən təmin edilib. Hakim bildirib ki, məhkəməyə dəvət olunması vacib hesab edilən 7 şahiddən 2-si Akif Məhərrəmovun öz övladlarıdır. Buna görə də həmin şəxslərin məhkəməyə dəvət edilməsi mümkün deyil. Digər 5 nəfərsə yaxın günlərdə məhkəməyə dəvət olunacaq.

Sonra təqsirləndirilən şəxs Aleksandr Umnyaşkinin vəkili İsaxan Aşurov vəsatət qaldıraraq Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun məhkəməyə əlavə şahid qismində dəvət olunmasını xahiş edib. Hakim bu vəsatəti təmin etməyib.

Əli İnsanovun vəkilləri Ağaveyis Şahverdi ilə Toğrul Babayevsə məhkəmənin nəzərinə çatdırıblar ki, əlavə şahidlərin dəvət olunması ilə bağlı Əli İnsanovla məsləhətləşməlidirlər. Buna görə də vəkillər günün ikinci yarısınadək hakimdən vaxt istədilər.

Məhkəmə iclası davam edir. 

Xəbər lenti

Xəbər lenti