...

Azərbaycanlı Tələbələrin İkinci Avropa Forumu öz işinə başlayıb

Cəmiyyət Materials 14 May 2007 18:20 (UTC +04:00)

Belçika Brüssel/ Trend müxbir R.Tağıyev/ Brüsseldə bu gün Azərbaycanlı Tələbələrin İkinci Avropa Forumu öz işinə başlayıb. Avropa Parlamentində keçirilən forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, "Statoyl" şirkətinin vitse-prezidenti Arve Torvik, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi və digər rəsmi şəxslərlə yanaşı, Almaniya, Fransa, İtaliya, Belçika və digər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycandan gəlmiş gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

Forumu açıq elan edən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) baş katibi Vüsal Məmmədov iştirakçılara forumun keçirilməsiylə bağlı qısa məlumat verdi.

Forumun ilk günündə çıxış edən Azərbaycanın AB yanındaki nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Avropanmn mərkəzi şəhərlərindən birində keçirilən forumun əhəmiyyətinə toxundu. Avropada təhsil alan azərbaycanlı tələbələrin bir yerə yığışıb fikir mübadiləsi aparmasının sevindirici olduğunu ifadə edən səfir, bu cür forumların keçirilməsini dəstəklədiklərini qeyd edərək forum təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi isə öz çıxışında Avropada təhsil alan azərbaycanlı tələbələrin aktivliyini təqdir etdiyini söylədi. Azərbaycan və Avropa Birliyi arasındakı əlaqələrə də toxunan Semnebi tərəflərarasında əməkdaşlığın günbəgün daha da genişləndiyini qeyd etdi. Avropada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycanla Avropa arasında xüsusi körpü rolu oynadığını vurğulayan Semnebi gənclərin dinamikliyi sayəsində gələcəyə ümidlə baxdığını ifadə etdi.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu cür forumların Azərbaycanın Avropada tanıdılmasında əhəmiyyətli rol oynadığını bildirdi. Təşkilatçılara öz minnətdarlığını bildirən nazir bu cür tədbirlərə hər zaman dəstək verdiklərini və bundan sonra da dəstək verməyə davam edəcəklərini qeyd etdi. ATAF-ın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyən nazir diaspor və lobbi fəaliyyətlərində də gənclərin əhəmiyyətinə toxundu.

Üç gün davam edəcək forumda, Avropa Parlementində və NATO-da müxtəlif görüşlər keçiriləcək, konfranslar təşkil olunacaq, Forumun ikinci günündə müğənni İradə İbrahimova forum iştirakçıları üçün konsert verəcək.

Xəbər lenti

Xəbər lenti