...

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyalarında axtarış yekunlaşıb

Cəmiyyət Materials 22 May 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyalarında axtarış günün sonunda yekunlaşıb. Axtarışda iştirak etmiş "Gündəlik Azərbaycan"ın şef redaktoru Şahvələd Çobanoğlu çərşənbə axşamı jurnalistlərə bildirib ki, redaksiyadakı prosessorlar və jurnalistlərin qeyd kitabları möhürlənərək avtomobillərə yığılıb. Şef redaktor axtarış vaxtı ona qarşı təzyiq olmadığını, prosesin sakit keçdiyini, heç bir anlaşılmazlıq olmadığını bildirib. O, redaksiyada və Fətullayevin evində axtarış aparılmasınını "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin fəaliyyətinin dayandırılması məqsədi daşıdığını deyib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev çərşənbə axşamı Trend ə bildirib ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində, eləcə də onun evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılır.

Axtarış Yasamal rayon məhkəməsinin qərarı ilə aparılıb. Redaksiyanın qarşısında bir neçə qəzetin baş redaktoru, hüquq müdafiəçiləri və jurnalistlər toplaşıblar.

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyası mayın 20-də axşam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənib. Səbəb kimi qəzet redaksiyalarının yerləşdiyi binanın təhlükəsizlik standartlarına cavab verməməsi göstərilib.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan adıçəkilən qəzetlərin baş redaktoru Eynulla Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Aprelin 6-da isə Yasamal rayon məhkəməsi Tatyana Çaladzenin xocalıların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl vurulması ilə bağlı mülki iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Xəbər lenti

Xəbər lenti