...

28 may – Respublika Günü dünyanın müxtəlif ölkələrində qeyd olunub

Cəmiyyət Materials 29 May 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 28 may - Respublika Günü dünyanın müxtəlif ölkələrində qeyd olunub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı verilən məlumata görə, Çexiya, İsrail, Türkiyə, ABŞ, Rusiya və bir çox Avropa ölkələrində diaspor təşkilatlarımız tərəfindən tədbirlər təşkil ounub.

Çexiyada fəaliyyət göstərən Azər-Çex Cəmiyyəti Azərbaycan Demokratik Respublikasının yaranmasının 89-cu ildönümü və cəmiyyətin yaranmasının 4-cü ildönümü münasibətilə bayram tədbiri və konsert təşkil edib. Çexiyada yeni açılmış Azərbaycan Evinin və Cəmiyyətin ofisinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, mədəniyyət xadimləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

İsrail parlamentinin binasında 28 may - Azərbaycanın Respublika Günü münasibətilə keçirilən bayram tədbirində Knessetin sədri, prezident səlahiyyətlərinin icraçısı Daliya İsiq iştirak edib, Azərbaycan diasporunun bu ölkənin inkişafındakı fəal rolundan danışıb.

İslandiyadakı "Azəri" İslandiya-Azərbaycan Cəmiyyəti, Madriddə "Azərbaycan Dostluq Cəmiyyəti", Estoniyada fəaliyyət göstərən "Aydan" Estoniya-Azərbaycan Cəmiyyəti, eləcə də Litva Azərbaycanlıları Cəmiyyəti bayram şənliyi təşkil ediblər. Strasburqda ATAF təşkilatı, Parisdə AGFA adlı qurum bayram tədbiri, foto-sərgi təşkil ediblər. Mayın 28-də Almaniyadakı "Azərbaycan evi" və Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresi bayram tədbiri düzənləyib, bu gün Strasburqda forum, yürüş-festival və bədii proqram keçirilir.

28 May - "Respublika günü" münasibətilə Danimarkanın Kopenhagen, İsveçin Malmö və Hötebörq şəhərlərində, Azərbaycan Səfirliyinin təşəbbüssü ilə Polşanın paytaxtı Varşavada, Bolqarıstanın paytaxtı Sofiya şəhərində, Finlandiyanın paytaxtı Helsinkidə mədəni kütləvi tədbirlər keçirilib. Bayram günü həmçinin Rumıniya, Rusiya, Ukrayna, Belarus, Moldova, Türkiyə, Yeni Zelandiya və digər ölkələrdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları tərəfindən qeyd edilib.

Xatırladaq ki, 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil cümhuriyyət - Azərbaycan Demokratik Respublikası yaradılıb. İki il sonra 1920-ci ilin 28 aprelində müstəqil Respublika SSRİ tərəfindən güc yolu ilə süquta uğradılıb. 71 il SSRİ-nin tərkibində olan Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib.

Xəbər lenti

Xəbər lenti