...

Beynəlxalq xəbər portalının sorğusunda Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə üstünlük verilib

İdman Materials 8 Fevral 2012 14:50 (UTC +04:00)
Nüfuzlu "GamesBids" beynəlxalq xəbər portalının keçirdiyi sorğunun nəticələrinə əsasən, 2020-ci il Olimpiya Oyunlarına namizədlik iddiasında olan 6 şəhər arasında Bakı böyük səs çoxluğu ilə digər şəhərləri arxada qoyub.
Beynəlxalq xəbər portalının sorğusunda Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə üstünlük verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Nüfuzlu "GamesBids" beynəlxalq xəbər portalının keçirdiyi sorğunun nəticələrinə əsasən, 2020-ci il Olimpiya Oyunlarına namizədlik iddiasında olan 6 şəhər arasında Bakı böyük səs çoxluğu ilə digər şəhərləri arxada qoyub.

Trend-n məlumatına görə, bu barədə çərşənbə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"GamesBids" saytının (www.gamesbids.com/eng/) "2020-ci il Olimpiya Oyunlarına hansı şəhərin ev sahibliyi etməsini dəstəkləyirsiniz" sualına cavabda respondentlərin 50.63%-i Bakının adını qeyd ediblər. 10252 səs toplayan Bakı bu sorğuda İstanbul (16.29%), Tokio (12.86%), Madrid (10.89%), Doha (5.61%) və Roma (3.72%) şəhərlərini geridə qoyaraq beynəlxalq xəbər portalının oxucularının daha böyük rəğbətini qazanıb.

Sorğunun nəticələrini şərh edən Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könul Nurullayeva bildirib ki, "GamesBids" Olimpiya Oyunlarına hazırlıq, namizədlik prosesi və namizəd şəhərlər haqqında xəbər yayan ən nüfuzlu saytlardan biridir. O, bu sorğunun nəticələrinin 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinə namizəd şəhərləri müəyyənləşdirən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.

"GamesBids" portalının abunəçiləri arasında BOK-un 129 milli olimpiya komitəsi, beynəlxalq kütləvi informasiya vasitələri, BOK-un üzvləri, dünya üzrə çoxsaylı olimpiya həvəskarları və idmançılar daxildir.

2011-ci ilin dekabrında Azərbaycanda keçirilən sorğuya əsasən, respondentlərin 95%-i 2020-ci il Olimpiya Oyunlarının Bakıda keçirlməsini dəstəkləyir, 93%-i bu oyunların Azərbaycanda idmanın inkişafını sürətləndirəcəyinə inanır, 30%-i isə oyunların təşkilində könüllü əsasda dəstək olmağa hazır olduqlarını bildiriblər.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti