...

Azad Rəhimov: Azərbaycanda bu il iki Olimpiya kompleksi istifadəyə veriləcək (FOTO)

İdman Materials 24 Aprel 2012 14:00 (UTC +04:00)
Bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Azad Rəhimov: Azərbaycanda bu il iki Olimpiya kompleksi istifadəyə veriləcək (FOTO)

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur. Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu dünya şöhrətli atlet Kolin Jekson (Colin Jackson), İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies) və "Beynəlxalq İdman Həyəcanı" proqramının regional rəhbəri Elayas Musanqeylə görüşündə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göygöldə də Olimpiya komplekslərinin tikilməsi planlaşdırılır. Hazırda ölkədə Olimpiya stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo mərkəzlərinin tikintisi aparılır.

"Sevindirici haldır ki, Azərbaycan bu il ilk dəfə olaraq Olimpiya Oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacaq. Biz eyni zamanda, otüstü hokkey, açıq suda üzgüçülük, kamandan ox atma idman növlərindən də lisenziya gözləyirik. Atletika idman növündə qazanılan qələbələri xüsusi olaraq vurğulamaq istərdim", - nazir deyib.

Rəhimov qonaqlara Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə "İdman ili" elan olunması, London Yay Olimpiya Oyunlarına hazırlıq, Bakının 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün namizəd şəhər olması barədə məlumat verib.

"Bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna ən böyük misal kimi "Eurovision" mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakının 2020 Olimpiya Oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlığı göstərə bilərəm", - nazir əlavə edib.

Qonaqlar öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya Oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəslin yetişdiyini vurğulayıblar.

Qeyd edək ki, qonaqların ölkəmizə səfərinin əsas məqsədi "İnkişaf Naminə İdman" İctimai Birliyinin təşkil etdiyi Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyinə qatılmaqdır.

Xəbər lenti

Xəbər lenti