...

Azərbaycanda səmti müəyyən etmə idman növünün perspektivləri müzakirə edilib (FOTO)

İdman Materials 23 Oktyabr 2012 19:51 (UTC +04:00)
"Azərbaycanda səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri" mövzusunda konfrans keçirilib.
Azərbaycanda səmti müəyyən etmə idman növünün perspektivləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Azərbaycanda səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri" mövzusunda konfrans keçirilib.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək son aylar ərzində keçirilmiş yarışlar haqqında danışıb. O qeyd edib ki, Azərbaycanda Səmti Müəyyən Etmə İdman Federasiyasının fəaliyyətinin canlandırılması və bu idman növü üzrə yarışlara təşkilati dəstəyi Vergilər Nazirliyi, konsultativ dəstəyi isə Ukraynanın Azərbaycandakı səfirliyi verib. Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Tatyana Kalendaroğlu ASMEİF-in fəaliyyətini yüksək qiymətləndirib, ASMEİF-in beynəlxalq federasiyanın üzvlüyünə qəbul olunduğunu bildirərək, BSMEİF və Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyası prezidentlərinin təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səmti müəyyən etmə Federasiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov vurğulayıb ki, Azərbaycan BSMEİF-in sıralarına qoşulan 74-cü ölkədir. Daha bir ölkə beynəlxalq quruma qoşulduqdan sonra BSMEİF idmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınmasını qarşısında məqsəd kimi qoyub. Tədbirdə qeyd olunub ki, ölkəmizdə idmanın bütün növləri inkişafdadır. Hazırda respublikamızda 84 idman federasiyası fəaliyyət göstərir ki, bunlardan da 28-i olimpiya yönümlüdür.

Ukraynanın Azərbaycandakı səfiri, ASMEİF-in fəxri üzvü Aleksandr Mişenko ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini yüksək qiymətləndirib və bu idman növü üzrə keçirilən turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Səfir vurğulayıb ki, gözəl təbiəti, meşə, çay və gölləri olan Azərbaycanda bu idman növünün inkişaf etməsi üçün münbit şərait var. Son yarışda 200-dən artıq idmançının iştirak etməsi Azərbaycanda idmanın bu növünə marağın böyük olduğunu göstərir.

Konfransda çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın bütün növlərinin sürətli inkişah mərhələsi yaşadığını, müəyyən dövrlərdə diqqətdən kənarda qalmış bir sıra idman növlərinə ikinci nəfəs verildiyini qeyd edərək, bütün bunların xalqımız, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasında, beynəlxalq aləmdə Azərbaycanın qabaqcıl bir idman ölkəsi kimi tanınmasında mühüm rol oynadığını bildirib.

Müasir dövrdə uşaqdan böyüyə kimi əksər insanların vaxtının böyük bir hissəsini televizor ekranları və ya kompüterlər qarşısında keçirdiyini vurğulayan natiq onları gələcəkdə hansı fəsadlar verəcəyi, heç kəsə bəlli olmayan bu məşğuliyyətdən heç olmasa müəyyən bir müddətə ayıraraq idman, xüsusilə də idmanın açıq havada keçirilən növlərindən olan velosiped sürməyə və səmti müəyyən etmə kimi növlərinə cəlb etməyin vacibliyini qeyd edib.

Bu idman növləri kütləvi idman növləri hesab olunduğundan məktəblərdə, universitetlərdə onların təbliğinə xüsusi fikir verilməli, idmanla məşğul olanlara lazımi şərait yaradılmalı, bu işlə yalnız Gənclər və İdman Nazirliyi deyil, Təhsil nazirliyi, Həmkərlar İttifaqları, digər dövlət qurumları və ictimai təşkilatlar da yaxından iştirak etməlidirlər.

Öz növbəsində, Vergilər Nazirliyinin güləş, otüstü hokkey, velosiped idmanı və əlavə olaraq səmti müəyyən etmə idmanı federasiyalarına hamilik etdiyini konfrans iştirakçılarının diqqətinə çatdıran S.Ələkbərov bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Konfransda səmti müəyyən etmə idman növünün inkişaf etdirilməsi və gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məlum olduğu kimi, oktyabrın 19-21-də Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirilib. Yarış Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sistemlərinin tətbiqi ilə, yəni hər iştirakçının məsafədə elektron qaydada qeydiyyatı vasitəsilə həyata keçirilib.

Kişilər arasında Prezident Kubokunun birinci günü kişilər arasında şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ən yüksək nəticə göstərib. Niyaməddin Əsədov gümüş mükafata layiq görülüb, üçüncü yeri Anar Qasımov tutub. Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan çempionu Natalya Əliyeva olub, ikinci yeri Günel Quliyeva, üçüncü yeri isə Tatyana Qəniyeva tutub.

Çempionatın ikinci günü kişilər arasında qısa məsafəyə qaçış üzrə yarışda yenə də səfir Aleksandr Mişenko birinci yerə çıxıb, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Vladimir Skvortsov və Niyaməddin Əsədov tutublar. Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina olub, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutub, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olub.

İkigünlük yarışların yekunları üzrə komanda hesabında ümummilli lider Heydər Əliyev adına Prezident Kubokunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci komandası qazanıb. İkinci yeri Müdafiə Nazirliyinin 1-ci komandası, üçüncü yeri isə Səmti Müəyyən Etmə Federasiyasının komandası tutub.

Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilib, yarışların qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013-cü ilin yazında Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışlar keçirmək niyyətindədir.

Bundan başqa, Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının dəstəyi ilə 2013-cü ilin payızından başlayaraq Azərbaycanda Xəzəryanı və Qara dəniz ölkələrinin idmançılarının iştirak edəcəyi Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda ənənvi yarışların keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti