...

Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda mübarizəyə başlayırlar (HEYƏT)

İdman Materials 5 Mart 2015 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

7-8 mart 2015-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri də iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparacaqlar. B qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə 8 güləşçimiz yer alıb. Yarışlarda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcəklər.

Yarışın proqramına əsasən, martın 7-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti