Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Elçin Mehdiyev/
Martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında iştirak edən Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupunun üzvləri Trend-ə yarışda əldə etdikləri nəticələr və I Avropa Oyunlarına və digər beynəlxalq yarışlara hazırlıqları barədə fikirlərini bildiriblər.
Qrupun üzvü Lalə Hüseynova bu yarışda ötən yarışlardan daha yaxşı iştirak etdiklərini düşünür: "Fikrimcə, bu yarışda əvvəlki yarışlardan daha yaxşı iştirak etdik və növbəti mərhələlərdə də yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qrupun digər üzvü Aynur Hüseynova da bu dəfə daha yüksək səviyyədə çıxış etdiklərini hesab edir: "Düşünürəm ki, budəfəki yarışda əvvəlkilərdən qat-qat yaxşı iştirak etdik. İnanırıq ki, gələn yarışlarda bundan da yaxşı iştirak edəcəyik".
Qrupun ən kiçik üzvü Nərmin Ramazanova çıxışından razı qaldığını deyib.
Gimastlarımız I Avropa Oyunlarında da uğurlu naliyyətlər əldə edəcəklərinə ümid etdiklərini bildiriblər.
L.Hüseynova hesab edir ki, hazırlıqlar indiki templə davam etməlidir: "Əgər bu templə davam etsək, düşünürəm ki, I Avropa Oyunlarında da yaxşı nəticələr əldə edə bilərik".
A.Hüseynova da I Avropa Oyunlarında qızıl medal qazanacaqlarına ümidvar olduğunu bildirib: "Hər şey ola bilər. Bu bir yarışdır, udmaq da olar, uduzmaqda. Bu, bizim necə çıxış etməyimizdən asılı olacaq və biz də ölkəmizin bayrağını yüksəklərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik".
İdmançılar onlar üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər.
Məşqçi Dürdanə Əhmədova öz yetirmələrindən razı qaldığını bildirib: "Mən öz tələbələrimdən razıyam. Bu yarışda çox çalışdılar, çox gərgin məşqlər keçiblər. Demək olar ki, bu yarışa hazırlıqda heç dincəlməyiblər. Ancaq gimnastlarımızın yarışlardakı çıxışları göstərdi ki, bizim bu əziyyətimiz hədər getməyib".
D.Əhmədova da I Avropa Oyunlarında yetirmələrinə böyük ümidlər bəslədiyini bildirib: "Biz I Avropa Oyunlarına böyük ümidlər bağlayırıq. Bu Oyunlara çox ambisiyalı yanaşırıq. Hər şey bu tempdə davam etsə, ümid edirəm ki, qızıl medal bizim ola bilər. Gimnastlarımız üçün hər cür şərait yaradılıb. Başda Mehriban xanım Əliyeva olmaqla Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk ki, idmançılarımız üçün bu cür gözəl şərait yaradıblar".