...

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri seçildi (ƏLAVƏ OLUNUB-2) (FOTO)

İdman Materials 31 Mart 2015 20:25 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri seçildi (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:43-də yayılıb)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Maksim Tsurkov/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Trend-in məlumatına görə, "Neftçi" Peşəkar Futbol Klubunun baş sponsoru olan Şirkətin prezidenti Rövnəq Abdullayev iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanda fəaliyyət göstərən futbol klublarının idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq məqsədilə həmin klubların ictimai idarəçilik sisteminə keçirilməsi məqsədəuyğun bilinib və AFFA İcraiyyə Komitəsinin bu barədə qərarı olub. Respublikada futbolun kütləviliyinin yüksəldilməsi və klubların davamlı inkişafı məqsədlərinə xidmət edən bu qərar ardıcıl islahatlar aparılmasını zərurətə çevirir. SOCAR tarixən Azərbaycan neftçilərinin futbol klubu olmuş "Neftçi"nin idarəçiliyini ictimailəşdirməklə bu sahədə də birinci olduğunu futbol ictimaiyyətinə nümayiş etdirir. İlk addım kimi "Neftçi" Peşəkar Futbol Klubu "Neftçi İdman Klubu" İctimai Birliyinin tərkibinə verilib. İctimai Birlik yenə də Futbol Klubuna dəstək verməkdə davam edəcək, Klubun idarəçiliyini isə yeni yaradılmış Müşahidə Şurası həyata keçirəcək.

Müşahidə Şurasına Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edəcək. Şurada "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, veteran futbolçulardan Mübariz Zeynalov və Səməd Qurbanov, baş sponsor olan SOCAR-dan vitse-prezidentin müavini Cəbrayıl Cəbrayılov və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov, habelə rejissor-aktyor Bəhram Bağırzadə təmsil olunurlar.

İclasda daha sonra bildirilib ki, Müşahidə Şurasının ayda 1 dəfədən az olmayaraq toplanması və Futbol Klubunun idarəçiliyinin Avropa sisteminə uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparması nəzərdə tutulur.

Şuranın qərarına əsasən, Klubun icraçı direktoru vəzifəsi təsis edilib və həmin vəzifəyə Elnur Məmmədov seçilib. İcraçı direktora bir ay müddətinə Klubun yeni strukturunun hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi tapşırılıb.

"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Ç.Abdullayev göstərilən etimad üçün təşəkkürünü bildirib, Şuranın qarşısında duran vəzifələrdən danışıb.

Müşahidə Şurasının üzvü B.Bağırzadə həmkarları adından yeni qurumun futbolun kütləviliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görəcəyini və bu sahədə mövcud təcrübədən, eyni zamanda, Türkiyə və digər ölkələrin futbol klublarının təcrübəsindən istifadə edəcəklərini söyləyib.

İclasa yekun vuran Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev Müşahidə Şurasının işinə uğurlar arzulayıb və "Neftçi" Peşəkar Futbol Klubunun yeni idarəçilik sistemi ilə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti