...

"Bakı"da hər şey daha yaxşı olacaq"

İdman Materials 1 Aprel 2015 20:32 (UTC +04:00)
Növbəti illərdə "Bakı" futbol klubunda hər şey yaxşı olacaq
"Bakı"da hər şey daha yaxşı olacaq"

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Növbəti illərdə "Bakı" futbol klubunda hər şey yaxşı olacaq. Trend-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bunu bu gün klubun baş məşqçisi İbrahim Uzunca "Neftçi" - "Bakı" qarşılaşmasından sonra deyib.

İ.Uzunca bildirib ki, oyunda təcrübəli olan komanda qələbə qazandı: "Heyətimizdə gənc oyunçular çoxdur. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən, oyunçularım əllərindən gələni edirlər. Növbəti illərdə hər şey daha yaxşı olacaq. Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunan futbolçuların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdır. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdır".

"Neftçi"nin baş məşqçisi Arif Əsədov isə deyib ki, fasilədən sonra ilk oyunlar gərgin keçir: "Matçdan öncə müəyyən problemlər vardı. Erik Ramosun cəzalı, Flavinyonun zədəli olması müəyyən çətinliklər yaratmışdı. Buna baxmayaraq, vaxt keçdikcə öz oyunumuzu sərgiləyə bildik. Struktur dəyişikliyindən sonra rəhbərliklə görüşümüz olmayıb. Sadəcə, bir məsələni vurğulayım ki, biz öz işimizi görürük".

Qeyd edək ki, Premyer Liqanın 27-ci turunda "Bakcell Arena"da "Bakı"nı qəbul edən "Neftçi" 3 xal qazanıb. Arif Əsədovun başçılıq etdiyi komanda "Bakı"nı məğlub yola salıb - 2:0.

Hazırda "Neftçi" turnir cədvəlində 24 oyundan 42 xalla ikinci, "Bakı" isə 24 oyundan 11 xalla sonuncu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti