Azərbaycan, Bakı, 19 may /Trend/
"Bakı" futbol klubunun apelyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib. Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat verir.
Qeyd edək ki, mayın 9-da 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılmışdı.
Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apelyasiya şikayəti vermək hüququ var. 19 may 2015-ci il şikayətin verilməsi üçün son gün olub və yalnız bu gün, saat 16:30-da "Bakı" FK tərəfindən apelyasiya şikayəti daxil olub.
Apelyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin "Azərbaycan Futbol "Premyer Liqası"nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar"ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün "Bakı" FK-nın apelyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.