Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Almaniyanın Riza şəhərində keçirilən Akrobatika Gimnastikası üzrə Yaş Qrupları arasında Avropa Yarışlarında uğurla çıxış etmiş idmançılarımız bu gün vətənə dönüblər.
Trend-in məlumatına görə, gimnastlarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, idmançılar və jurnalistlər təntənəli şəkildə qarşılayıblar.
Ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub. Final mərhələsində qarışıq hərəkətlərə görə, hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Cütlük 1-ci yeri əldə edən Rusiya duetindən cəmi 0.3 xal geridə qalıb. 3-cü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.
Qarışıq cütlüyümüz Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medal sahibi olub. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutublar.
S.Cəfərov Trend-ə bildirib ki, yarışma çox yüksək səviyyədə keçib: "Biz inanırdıq ki, qələbə ilə qayıdacağıq. Rəqiblərimiz də güclü idilər. Ancaq buna baxmayaraq, bütün gücümüzü topladıq və qələbə qazanmağı bacardıq. Düzdür, birinci yeri qazanmağı gözləyirdik, ancaq ilk Avropa Çempionatı olduğu üçün ikinci yer də yaxşıdır. Ümimilikdə çıxışımızı qənaətbəxş hesab edirik. Bu dəfə cüzi xal fərqi ilə Rusiya idmançıları bizi qabaqladı. Ancaq gələn yarışlarda, o cümlədən Dünya Çempionatında Rusiya gimnastlarına qalib gələcəyimizə inanırıq".
N.Cabbarlı da çıxışlarından razı qaldıqlarını və növbəti dəfə daha yüksək nəticə əldə edəcəklərinə inandığını bildirib.
A.Rəhimov isə gözlədikləri nəticəni əldə etdiklərini qeyd edib: "Yarışma yüksək səviyyədə keçdi, istədiyimiz nəticəni əldə etdik. Çıxışımız yaxşı oldu, finala asanlıqla çıxa bildik. İnanırıq ki, növbəti yarışlarda daha yüksək nəticələr qazanacağıq".
Qeyd edək ki, Azərbaycan akrobatları ilk dəfə olaraq, belə bir yarışda yüksək nəticə göstəriblər.