...

Azərbaycanlı batutçular tam qüvvə ilə çıxış etməyə hazırdır (FOTO)

İdman Materials 14 Fevral 2017 14:29 (UTC +04:00)
Azərbaycanlı gimnastlar qarşıdakı batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tam qüvvə ilə çıxış etməyə hazırdır.
Azərbaycanlı batutçular tam qüvvə ilə çıxış etməyə hazırdır (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnastlar qarşıdakı batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tam qüvvə ilə çıxış etməyə hazırdır.

Bu sözləri Trend-ə milli komandanın üzvləri İlya Qrişunin və Oleq Piunov deyib.

İ.Qrişunin deyib: “Biz çox ciddi hazırlaşmışıq, çünki uzun zamandır yarışlarımız yox idi. Son bir ay çox ağır oldu, amma hesab edirəm ki, bu yarışadək formamızın pik həddinə çatacağıq. Çox az vaxt qalıb, biz bütün gücümüzü ortaya qoyacağıq. Bizim idman növü səhvləri bağışlamır, hamının ancaq bir şansı var”.

O qeyd edib ki, gimnastlar əsas ümidlərini sinxron çıxışlara bəsləyir: “Bizim Oleqlə sinxron çıxışlarımız çox yaxşı alınır. Hesab edirəm ki, bizim üçün artıq fəxrü kürsü uğrunda mübarizə aparmaq vaxtı çatıb. Rəqabət yüksəkdir, amma əgər medallara can atmasaq, onda çıxış etmək nəyə lazımdır?”

O.Piunov arenada məşqlərin və yarışların yüksək səviyyəsini qeyd edib.

O deyib: “Hesab edirəm ki, bu, hazırlığına və təşkilatçılığına görə ən yaxşı Dünya Kubokudur. Bakıda görülən işlərin həcmini mən başqa heç bir yarışda görməmişəm. Şərait möhtəşəmdir, hamı bizə yardım edir”.

Gimnastlar, həmçinin sakinlərə müraciət edərək həftə sonu günlərində onları dəstək olmağa dəvət ediblər: “Biz bu həftə sonu azarkeşlərimizi arenada gözləyirik. Sizin dəstəyiniz bizə yaxşı nəticələr göstərməyə imkan verəcək”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti