...

İslamiada zamanı əliliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışı təmin ediləcək

İdman Materials 8 May 2017 19:42 (UTC +04:00)
Bakı 2017 Əməliyyat Komitəsi IV İslam Həmrəyliyi oyunları zamanı əliliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışının təmin edilməsi məqsədi ilə tədbirlər görür.
İslamiada zamanı əliliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışı təmin ediləcək

Bakı. Trend:

Bakı 2017 Əməliyyat Komitəsi IV İslam Həmrəyliyi oyunları zamanı əliliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışının təmin edilməsi məqsədi ilə tədbirlər görür.

Trend oyunların saytına istinadən xəbər verir ki, sağlamlıq imkanları məhdud insanların idman yarışlarını rahat izləmələri məqsədi ilə, Əməliyyat Komitəsi bu sərnişinlərin nəqliyyatdan düşürülmələri üçün nəzərdə tutulan konkret zonalardan başlamış, mobilliyin artırılmasına dəstək istiqamətində xüsusi təlim keçmiş komandalara qədər hər bir məsələdə müvafiq beynəlxalq standartlara cavab verəcək.

Hər kəs üçün bərabər imkanların yaradılması və hamıya bərabər istifadə hüququnun verilməsi məqsədilə Bakı-2017 fiziki imkanları məhdud tamaşaçılar və onların yoldaşları üçün bütün idman sessiyalarına pulsuz biletlər təqdim edir. Açılış və Bağlanış Mərasimlərinin məhdud imkanlı tamaşaçılar üçün nəzərdə tutulan biletləri 1 may tarixindən etibarən satış məntəqələrinə çıxarılıb və onları Bakı şəhərində yerləşən bütün bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Bilet alışı zamanı məhdud imkanlı olduğunu bildirən tamaşaçılar əlilliyi olan tamaşaçılar üçün ayrılmış oturacaq sahəsi və ya əlil arabaları üçün ayrılmış zona ilə təmin ediləcək.

Bilet satışı üzrə direktor Miryam Boqatay bildirib: "Fiziki imkanları məhdud tamaşaçıların biletlərə olan tələbatını nəzərə alaraq, obyektlərimizin bütün tamaşaçılar üçün tamamilə əlçatan olmasını təmin etmək naminə böyük səylə çalışmışıq. Bunun nəticəsi olaraq, Bakı-2015 Avropa Oyunları ilə müqayisədə sözügedən biletlərin paylanmasında nəzərəçarpacaq dərəcədə artımın müşahidə edilməsi bizi son dərəcə məmnun edir".

Əlil arabasından istifadə edən tamaşaçıların Açılış və Bağlanış Mərasimlərində Olimpiya Stadionuna gəlib çatmasını təmin etmək üçün Qara Qarayev, Gənclik və 20 Yanvar metro stansiyalarında ekspress avtobuslar xidmət göstərəcək. Mərasim bitdikdən sonra tamaşaçılar həmin marşrut xətti üzrə ekspress avtobuslarla geri qayıda bilər. Qeyd edək ki, əlil arabalı tamaşaçılar mərasim biletlərini təqdim etməklə nəqliyyatdan pulsuz istifadə edə biləcək.

Ekspress Avtobuslar tamaşaçıları Açılış Mərasiminin əvvəlinə çatdırmaq üçün saat 18:00-dan 21:00-dək və Açılış Mərasimi bitdikdən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 18:30-da açılacaq, Açılış Mərasiminə saat 21:00-da start veriləcək.

Ekspress Avtobuslar Bağlanış Mərasimi günü saat 17:00-dan 20:00-dək və mərasim bitəndən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 17:30-da açılacaq, Bağlanış Mərasiminə saat 20:00-da start veriləcək.

Olimpiya Stadionunun ərazisinə daxil olarkən şəxsi avtomobilinizdən istifadə etməməyiniz təkidlə tövsiyə olunur. Stadionun daxilində və ya ətrafında tamaşaçıların istifadəsi üçün parklama sahələri nəzərdə tutulmayacaq. Taksilərin Stadiona yaxınlaşmasına icazə verilməyəcək.

Atatürk Prospektində dayanacaq sahələri Gənclik metro stansiyasındakı ən yaxın avtobus xəttindən istifadə etmək istəyən əlil arabalı tamaşaçılar üçün nəzərə tutulacaq. Əlil arabalı tamaşaçılar parklama sahələrindən istifadə edə bilmək üçün mərasim biletlərini təqdim etməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti