Bakı. Cani Babayeva - Trend:
Azərbaycan idmançıları Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokuna yaxşı hazırlaşıb.
Bunu Trend-ə akrobatika gimnastikası üzrə milli komandanın baş məşqçisi İradə Qurbanova deyib.
O bildirib ki, Azərbaycan milli komandası 6 nəfərdən – 4 kişi, iki qadın gimnastdan ibarət olacaq:
“Komanda 3 cütlükdən – 2 qarışıq, 1 kişilərdən ibarət cütlükdən ibarətdir. Hesab edirəm ki, gimnastlarımız turnirə 98 faiz hazırdır, 2 faiz isə gözlənilməz variantlar ola bilər. Bizim üçün bu, yeni proqramdır, biz bu proqramı yalnız bu il işləməyə başlamışıq. Hesab edirəm ki, biz bunun öhdəsindən gələcəyik. Biz kürsüdə yer almağı planlaşdırırıq”.
Baş məşqçi qeyd edib ki, Azərbaycan gimnastlarının əsas rəqibləri Belarus, Rusiya və Qazaxıstan idmançıları olacaq.
İ.Qurbanova əlavə edib ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət ayrılır:
“Bizim gözəl Milli Gimnastika Arenamız, gözəl zalımız var. Azərbaycan Gimnastika Federasiyası gimnastlara böyük diqqət ayırır. İdmançılar üçün bütün zəruri şərait yaradılıb”.
17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.
Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.
Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.
Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.