Bakı. Trend:
Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda ölkəmizi təmsil edib.
73 ölkədən 450 komandanın iştırak etdiyi turnirə Bakı Modern Təhsil Kompleksi 13-15 yaş üzrə Azərbaycan Regular junior kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə Regular Senior kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə Open Senior kateqoriyasından ibarət 3 komanda ilə qoşulub.
Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.
Məlumat üçün bildirək ki, Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. Yeniyetmə və gəncləri əhatə edən və dünyanın ən böyük robototexnika yarışması olan “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu olimpiadada 12 ölkə iştirak edib, hazırda bu say 70-i keçib.