Naxçıvan. Trend:
Naxçıvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turniri başa çatıb.
Trend xəbər verir ki, beynəlxalq turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Yarışlarda 250-yə yaxın idmançı iştirak edərək gimnastika predmetlərindən düzgün istifadə texnikası, zəriflik, mürəkkəb elementlərin icrasında səlislik nümayiş etdirdilər.
Beynəlxalq turnirin qalibləri və mükafatçıları əllərindəki medallarla fotoşəkillər çəkdirdilər. Şübhəsiz, bu mükafatlar gələcək idman nailiyyətləri üçün stimul verəcək, qarşıda isə medal sahiblərini yeni qələbə və mükafatlar gözləyir. Turnir bütün iştirakçılara bir çox unudulmaz təəssüratlar bəxş etdi.
Naxçıvanda keçirilən bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turniri bir çox istedadlı idmançının özünü sübut etməsi üçün əla imkan oldu. Yarışın mühüm aspektləri arasında, həmçinin, ünsiyyət, təcrübə mübadiləsi və şübhəsiz, ölkənin bölgələrində gimnastikanın daha çox inkişafı və təbliği yer tutur.
Xatırladaq ki, Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən yaxın gimnastlar iştirak edib.
Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edib.
Yarışların yekunlarına görə, fərdi proqramlarda çıxış edən gimnastlar arasında çoxnövçülük və ayrı-ayrı predmetlərlə hərəkətlər üzrə, eləcə də, komandalar arasında qrup hərəkətləri üzrə qaliblər və mükafatçılar müəyyən edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova; Foto: Zaur Mustafayev)