...

Astarada turizmin inkişafına gətirib çıxaracaq yeni yollar salınır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 3 İyul 2017 09:42 (UTC +04:00)
Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur.
Astarada turizmin inkişafına gətirib çıxaracaq yeni yollar salınır (FOTO/VİDEO)

Bakı. Trend:

Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Trend-ə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir.

Məlumatda qeyd olunur ki, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” Milli Parkının ərazisindən keçir.

Uzunluğu 26 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burda layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.

Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır ki, asfaltlanacaq sahə 150 min m2-dən çoxdur.

Bundan başqa layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12.4-cü km-də yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq. Görülən işlərə uyğun olaraq yol boyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli su ötürücü borular quraşdırılıb.

Tikinti işləri bitdikdən sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəklişi işləri aparılacaq.

12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasında, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına bununla da turizmin inkişafına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti