...

Səfər Mehdiyev: Azərbaycanın gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır

İqtisadiyyat Materials 25 Sentyabr 2018 15:39 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb
Səfər Mehdiyev: Azərbaycanın gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb.

DGK-dan Trend-ə verilən məlumata görə, S.Mehdiyev Azərbaycanla İsveçrə arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, Azərbaycan Prezidentinin bu əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb.

DGK sədri ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Son illər Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən S.Mehdiyev, onu da qeyd edib ki, hazırda ölkənin gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır. Komitə sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni normativ sənədlərin təsdiqi və yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Hazırda gömrük sistemində bütün ödənişlərin 100 faiz elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran S.Mehdiyev, onu da bildirib ki, bu ödənişlərin yalnız 30%-i gömrük orqanları və ya gömrük təmsilçiləri vasitəsilə bəyan olunur, qalan 70%-i isə iş adamlarının ofisindən və ya evdən həyata keçirilir.

Komitə sədri vurğulayıb ki, bu gün gömrük sistemində maksimum şəffaflıq təmin edilir, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkənin gömrük və vergi sistemi beynəlxalq tələblərə, o cümlədən Avropa standartlarına uyğun qurulur. Səfər Mehdiyev gömrük sahəsində nəzərdə tutulan islahatların tezliklə yekunlaşdırılacağını da diqqətə çatdırıb.

Səfir F.Ştalder iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, İsveçrənin bütün sahələrdə, o cümlədən gömrük işində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Səfir Azərbaycan-İsveçrə əlaqələrinin inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, xüsusilə də Azərbaycan dövlət başçısının hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirakının əhəmiyyətli rol oynadığını vurğulayıb.

F.Ştalder son zamanlar Azərbaycan gömrüyündə əldə edilən nailiyyətlərin onda böyük təəssürat yaratdığını, həmçinin Azərbaycanda fəaliyyət göstərən isveçrəli iş adamlarının gömrük xidmətindəki yeniliklərdən razı qaldıqlarını və bu sahədə şikayətlərinin olmadığını söyləyib. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis Roger Hermanın rəhbərlik etməsini də məmnunluqla dilə gətirən diplomat, eləcə də iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti