Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, “BP Azərbaycan” şirkətinin dəstəyi, ASAN İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan “Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin məqsədi startapların stimullaşdırılması və innovativ sahibkarlığa dəstək göstərməkdir.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən kompleks və ardıcıl işlər, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında “Startap layihələrinin dəstəklənməsi” üzrə tədbirlər barədə məlumat verib. Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu startap layihələrin qəbulunu təşkil edib və hazırda Fondda fəaliyyət göstərən Biznes İnkubasiya Mərkəzində 10-dan çox startapın inkişafına dəstək verilir. Belə ki, Mərkəz vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək mexanizmləri təqdim edilir, startapçıların ideyalarının reallaşdırılması istiqamətində lazımı köməklik göstərilir.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb, qalib layihələrin reallaşdırılmasına maliyyə dəstəyinin göstəriləcəyini, zəruri avadanlıqlarla təmin olunacağını bildirib. Qalib komandalara Bakı Mühəndislik Universitetinin Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində işləmək üçün şərait yaradılacaq.
Qeyd edək ki, indiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxuna bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə ilkin investisiya və inkubasiya xidmətləri göstərilib. Müsabiqə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına təlim və mentorluq xidməti göstərilib.
Bu ilin mart ayında elan olunan və sayca 6-cı olan “Yeni Fikir VI” startap müsabiqəsinə 118 layihə təqdim edilib və onlardan 12 layihə finala vəsiqə qazanıb. Müsabiqənin finalında bu layihələr arasından ən perspektivli 5-i qalib elan edilib.
Qalib layihələr “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə mukafatlar təqdim olunub. Bu vəsaitlər layihələrin reallaşdırılmasına yönəldiləcək.