...

Qarabağda işləmək bizim borcumuzdur – Usta ilə söhbət (FOTO)

İqtisadiyyat Materials 28 Dekabr 2020 17:00 (UTC +04:00)
Qarabağda işləmək bizim borcumuzdur – Usta ilə söhbət (FOTO)

Bakı. Trend:

Norm Ustalar Klubu layihəsi çərçivəsində budəfəki həmsöhbətimiz diqqətimizi övladlarından danışarkən utanması ilə çəkdi. Ceyhun Məmmədov Kürdəmir rayonundandır. 15 ildir tikintidə çalışır. Həm suvaq, həm üzlük işilə məşğuldur. İşindən-gücündən danışarkən arada fürsət tapıb övladlarının təhsili ilə də maraqlandıq. Bir oğlu bir qızı var. 15 yaşlı oğlu Cəmildən ağızdolusu danışır, onun təhsili, savadı ilə fəxr edir: “Oğlum əlaçıdır. Kürdəmirdə ad-san qazanıb oxumaqda, çoxlu tərifnaməsi, qızıl medalı var evdə. Orta məktəbdə də dərsləri normaldır, amma mən özüm əlavə hazırlığa da qoymuşam ki, istədiyi universitetə qəbul ola bilsin. Özü II qrupu seçib, o istiqamətdə hazırlaşır. İnşallah, böyük səbirsizliklə tələbə olacağı günü gözləyirəm”.

Ceyhun usta 1976-cı ildə Kürdəmirdə doğulub. Əvvəllər ticarətlə məşğul olub, sonradan ailəsinə məxsus ərzaq mağazası dövlət sifarişli layihənin (körpü tikintisi) icrası ilə əlaqədar plana düşüb. Ondan sonra isə tikinti sahəsində işləməyə başlayıb. “Kürdəmirdə adlı-sanlı, imkanlı adamların işlərini mən aparıram” deyir. Hazırda da rayonda tanınan iş adamlarından birinin evində işləyir.

Sənəti babasından öyrənib: “Babam usta olub, onun yanında öyrənmişəm. Kürdəmirin ən yaxşı ustası mənəm desəm özünü tərifləmək kimi çıxar. Bu dəqiqə əlimdə onlarla iş var. Koronavirus başlayandan bəri başqa ustalar işsizlikdən gileylənir, amma bizdə problem yoxdur. Amma mən də tək işləmirəm. Briqada halında işləri götürüb təhvil veririk. Hər kəs ailə-uşaq saxlayır, hər kəsin balası var, istərəm hamının işi olsun, dolansın”. Dolanmaq demişkən, həmsöhbətimiz bu işdən çıxan qazancla normal dolanışıq təmin edə bildiyini deyir.

Qarabağda başlayacaq bərpa işlərində iştirak etməyə həvəslə hazırlaşır: “Orada işləmək bizim borcumuzdur. Çox böyük arzumdur Qarabağda gedən tikinti-bərpa işlərində iştirak etmək. Özüm 4 il yarım hərbidə olmuşam. O torpaqları almaq uğrunda neçə-neçə oğul canından, sağlamlığından oldu, indi oralarda erməni ya da rus gəlib işləyəsi deyil ki”.

Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaradılıb. Klubun hazırda 5500 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə maarifləndirici təlimlər təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti