Bakı. Ceyhun Ələkbərov - Trend:
İran İslam Respublikası ərazisində yerləşən Astara yük terminalının operatoru olan, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Express" MMC, burada aşırılan yüklərin həcmini artırmağa müvəffəq olub.
Bu barədə Trend-ə MMC-dən bildiriblər. 2020-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 100 ton və ya 8918 vaqon təşkil edib ki, bu da 2019-u illə müqaisədə 16% çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılam yüklərin ümumi həcmi 363 842 ton təşkil etmişdir.
Orta hesabla 2020-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1384 ton və ya 29 vaqon təşkil edib.
Yüklərin növünə gəldikcə, 12 ay ərzində aşırılan yüklərin 37% taxta və taxta materialları, 20% tikinti materiallar (sement, klinker, kafel və s.), 13% meyvə və tərəvəzlər, 11% konteyner, 8% dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11% isə digər yüklərə aid olub.
Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük termilanından keçən yüklərun əksəriyyəti Rusiya və İrana aiddir. Ötən ilin 12 ayı ərzində buradan keçən yüklərin 75% Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.