...

MÜSİAD Azərbaycana yeni rəhbər seçilib (FOTO)

İqtisadiyyat Materials 15 Dekabr 2021 19:42 (UTC +04:00)
MÜSİAD Azərbaycana yeni rəhbər seçilib (FOTO)

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinə yeni rəhbər seçilib.

MÜSİAD-dan Trend-ə verilən məlumata əsasən, yeni rəhbər olaraq, MÜSİAD Azərbaycan şöbəsinin vitse-prezidenti Rəşad Cabirli seçilib.

R.Cabirlinin ictimaiyyətə təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və MÜSİAD Türkiyə ofisinin vitse-prezidenti Davut Altunbaş da iştirak edib.

Təqdimat mərasimində çıxış edən R.Cabirli MÜSİAD Azərbaycan bürosunun bundan sonra da iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində göstərdiyi səyləri davam etdirəcəyini bildirib.

1983-cü ildə Azərbaycanın Quba rayonunda doğulan R.Cabirli orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə qəbul olub və 2004-cü ildə həmin universitetin bakalavr, 2006-cı ildə magistr pilləsi üzrə təhsilini başa vurub.

2019-cu ildə Türkiyənin Bahçeşehir Universitetinin (BAU) İdarəetmə (İşletme) fakültəsinə qəbul olub, 2020-ci ildə həmin fakültəni bitirərək MBA (Master of Business Administration) dərəcəsi alıb.

R.Cabirli Şimali İrlandiyanın Queen's Universitetində (Queen's University Belfast), Türkiyənin İstanbul Texniki Universitetində (İTÜ) sertifikat proqramlarında uğurla iştirak edərək müxtəlif sertifikatlar almışdır.

2005-ci ildə "Baku Steel Company"-də Kimyəvi sınaq laboratoriyasında laborant olaraq əmək fəaliyyətinə başlayan R.Cabirli daha sonra kimyaçı mühəndis kimi fəaliyyətinə davam edib.

2008-2010-cu illər ərzində fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-2014-cü illər ərzində "NJT" şirkətində Satış və Marketinq şöbəsinin müdiri olaraq çalışıb.

Daha sonra 2015-ci ildə "Polymart MMC"-ni təsis edərək sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda həmin şirkətdə Baş İcraçı Direktor vəzifəsini icra edir. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvüdür.

2019-cu ilin avqustundan bu günədək MÜSİAD Azərbaycanda İdarə Heyəti Sədrinin müavini, Qlobal komitənin rəhbəri olaraq fəaliyyət göstərib.

2018-ci ilin dekabrından etibarən MÜSİAD Azərbaycanın üzvüdür. Evlidir, 3 övladı var.

Qeyd edək ki, MÜSİAD Azərbaycan şöbəsinin bundan öncəki prezidenti Abdurrahman Uzun olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti