Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) həyata keçirilən ödənişlər üzərində nəzarətin gücləndirilməsi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Trend-in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, bank sektorunda islahatlar ödənişlər üzərində nəzarətin gücləndirilməsinə yönəlməlidir.
"AYİB-in bu istiqamətdə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlığı vacib elementdir. Biz bu işlər çərçivəsində öz təcrübəmizi banklarla və tənzimləyici ilə bölüşməyə hazırıq", - deyə o bildirib.
K.Mahmudova əlavə edib ki, Azərbaycan iqtisadiyyatının artımı və ölkənin investisiya potensialı birbaşa xarici investisiyaların artması üçün imkanlar yaradır.
(Tərcümə: Orxan Nəbiyev)