...

Azərbaycan Dünya Bankının dəstəyi ilə büdcə prosesinin təkmilləşdirilməsi üzrə islahatlar keçirir

İqtisadiyyat Materials 20 İyun 2022 11:45 (UTC +04:00)
Azərbaycan Dünya Bankının dəstəyi ilə büdcə prosesinin təkmilləşdirilməsi üzrə islahatlar keçirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə büdcə prosesinin təkmilləşdirilməsi üzrə islahatlar keçirilir.

Trend bu barədə Dünya Bankına istinadən məlumat verir.

“Bu proqramın məqsədi Azərbaycanda səmərəliliyin yüksəldilməsi və dövlət xərclərinin şəffaflığı, eləcə də özəl sektorun inkişafının stimullaşdırılmasıdır”, - deyə Dünya Bankından bildiriblər.

İslahatların həyata keçirildiyi ortamüddətli xərc çərçivəsinin proqnozlaşdırılması proqramı dövlət maliyyəsinin idarə olunması ilə əlaqəli bir neçə istiqamətə yönəlib.

Birinci komponent siyasətin, büdcə planlaşdırmasının və prioritetlərin müəyyənləşdirilməsinin əlaqələndirilməsi üçün makroiqtisadi hədəfləri müəyyən edir ki, bu da makroiqtisadi sabitliyi, dövlət maliyyəsinin dayanıqlığını artıracaq və dövlət xərclərinə daha strateji diqqəti təmin edəcək.

İkinci komponent dövlət investisiya proqramının ölkənin tələbatları ilə strateji əlaqələndirilməsinin təkmilləşdirilməsində İqtisadiyyat Nazirliyinə dəstəyi nəzərdə tutur.

Üçüncü komponent xərc çərçivəsinin proqnozlaşdırılması proqramı ilə bağlı qanunların və normativ aktların reallaşdırılması üçün potensialın artırılmasına diqqətin yönəldilməsi yolu ilə büdcənin təşkili prosesinin təkmilləşdirilməsində Maliyyə Nazirliyinin dəstəklənməsini əhatə edir.

Şəffaflıq və hesabatlılıqla bağlı dördüncü komponent maliyyə məlumatlarının keyfiyyətini artıracaq. Bu, həm də dövlət vəsaitlərinin istifadəsi zamanı hesabatlılığın təmin olunmasında aparıcı rol oynayan Hesablama Palatasına kömək edəcək.

Dəyişikliklərin idarə olunması ilə bağlı beşinci komponent proqramın icrası boyunca korreksiya prosesini dəstəkləyəcək.

“Bu proqram ölkənin rəhbərliyi altında və beynəlxalq maliyyə agentlikləri və donorları ilə əməkdaşlıqda icra olunacaq”, - Dünya Bankından bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti