Bakı. Trend:
Azərbaycan BVF və Dünya Bankının Seçki Qrupunun iclasında
iştirak edir
İyulun 3-də İsveçrənin Bad Raqatz şəhərində Beynəlxalq Valyuta
Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycanın da üzv olduğu Seçki
Qrupunun toplantısı öz işinə başlayıb.
Üç gün davam edəcək və Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda Azərbaycanı BVF-nin və DB-nin Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edir.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin və rəhbərlərinin, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla müzakirələr aparılır.
Seçki Qrupunun və Azərbaycanın BVF-yə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.
Seçki qrupunun toplantısı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə görüşü nəzərdə tutulub.