Bakı. Trend:
İsveçrə Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılmasını dəstəkləməkdə davam etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer Azərbaycan-İsveçrə Biznes Forumunda deyib.
Onun sözlərinə görə, son illər İsveçrə Azərbaycanın qeyri-neft sektoruna fəal şəkildə sərmayə qoyub, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verib.
"Biz ikitərəfli ticarət əlaqələrini inkişaf etdirməyi, eləcə də investisiyaların həcmini artırmağı hədəfləyirik. Son 11 ayda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 365 milyon avroya çatıb", - deyə Bollinqer bildirib.
O qeyd edib ki, İsveçrə Azərbaycanda özəl sektora, qadınların imkanlarının artırılmasına, aqrobiznes və ərzaq təhlükəsizliyinə dəstəyini davam etdirəcək.