...

AYİB Azərbaycanın regionlarında İKT infrastrukturunun inkişafını maliyyələşdirəcək

İqtisadiyyat Materials 25 Dekabr 2022 00:36 (UTC +04:00)
AYİB Azərbaycanın regionlarında İKT infrastrukturunun inkişafını maliyyələşdirəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın regionlarında 280 000-dən çox yaşayış obyektlərinin ən müasir genişzolaqlı şəbəkə infrastrukturu ilə təminatını maliyyələşdirmək üçün Aztelekom-a 50 milyon ABŞ dollarına qədər kredit ayırır.

Trend xəbər verir ki, şirkətin planlaşdırdığı şəbəkə genişləndirilməsi sürəti, tutumu və ötürmə qabiliyyətini yaxşılaşdıracaq, paytaxt və regionlar arasında rəqəmsal fərqi aradan qaldıracaq.

Birgə borcalan qismində çıxış edəcək əlaqəli şirkət "Bakı Telefon Rabitəsi" MMC ilə birlikdə “Aztelekom” MMC-yə 50 milyon ABŞ dollarına qədər kredit veriləcək. Bu əməliyyat telekommunikasiya sektorunda AYİB-nin Avropa İttifaqının (Aİ) Avropa Davanıqlı İnkişaf Fondu+ (EFSD+) vasitəsilə zəmanətlə dəstəklənən ilk əməliyyatı olacaq.

Kredit Aİ-nin Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planının bir hissəsi kimi verilir və bu plan – islahatlara və yaxşı idarəçiliyə dəstək ilə tamamlanır - regionda iş yerləri və iqtisadi investisiyalar yaratmaqla insanlara nəzərəçarpacaq faydalar təmin etmək məqsədi daşıyır.

Rəqəmsal sektorun inkişafı və etibarlı genişzolaqlı şəbəkə dəstəyinin təmin edilməsi həm AYİB, həm də Aİ üçün əsas prioritetlərdir. Hər iki tərəfdaş, xüsusilə rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz rabitəni artırmaq məqsədi ilə yeni “Global Gateway Strategy”ni dəstəkləyir və bu istiqamətdə sıx əməkdaşlıq edir.

“Etibarlı rəqəmsal infrastruktura investisiya yatırmaq gələcəyə sərmayə yatırmaq deməkdir. Etibarlı genişzolaqlı xidmətlər, Covid-19 pandemiyasından sonra biznesləri daha da rəqabətədavamlı etmək və iqtisadiyyatı gücləndirmək üçün çox vacibdir. Tərəfdaşlarımızla, xüsusən də Aİ ilə birlikdə biznesləri dəstəkləmək və insanların gündəlik həyatını yaxşılaşdırmaq üçün böyük səylə çalışırıq.” deyə AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone vurğulayıb.

Avropa Komissiyasında Aİ-nin Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lawrence Meredith qeyd edib: “Bu investisiya İqtisadi və İnvestisiya Planının insanların həyat səviyyəsini yaxşılaşdıran konkret nəticələr verdiyini göstərir. Bu sərmayəyə zəmanət verməklə biz müasir və dayanıqlı rabitənin inkişaf etdirilməsində və şəhər-kənd rəqəmsal fərqinin aradan qaldırılmasında Azərbaycana dəstək veririk”.

“Aztelekom”un baş direktoru Klaus Mueller deyib: “Bu müsbət haldır ki, AYİB hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkə üzrə genişzolaqlı internet bağlantısının qurulması üçün həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru Aztelekom-a dövlət zəmanəti olmadan kredit ayırıb. Aztelekom kreditorların qiymətləndirilməsi üzrə AYİB-in sağlamlıq, təhlükəsizlik, ekologiya, gender və digər məsələlərə dair ciddi yoxlama prosesindən uğurla keçib. AYİB-in ciddi tələblərinə cavab verməklə şirkət ölkədə və regionda AYİB ilə kredit müqaviləsi imzalayan seçilmiş şirkətlər qrupundan birinə çevrildi. Bu fakt onu göstərir ki, “Aztelekom” korporativ idarəetmədə mühüm irəliləyiş əldə edib”.

Aİ telekommunikasiya sektorunda rəqabəti və tənzimləməni yaxşılaşdırmaq, habelə borcalanların korporativ idarəetməsini gücləndirmək üçün institusional tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə EFSD+ zəmanətinin bir hissəsi kimi əlavə 1 milyon avro ayırmağa hazırlaşır.

“Fiber-to-the-home” ((FTTH) - tərcümədə “mənzildə fiber optik qoşulma” anlamına gəlir) genişzolaqlı şəbəkələr köhnəlmiş mis əsaslı texnologiyalardan daha çox ötürmə qabiliyyəti, etibarlılıq və xərc səmərəliliyi təklif etsə də, bu günə qədər istifadəyə verilməsi şəhər mərkəzlərinə yönəldilmişdir. FTTH-nin ölkə miqyasında tətbiqi Azərbaycanda inklüziv və davamlı iqtisadi artıma əhəmiyyətli töhfə verəcəkdir.

AYİB Azərbaycanda bu günə qədər maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırmış aparıcı institusional investordur və bu investisiyaların əksəriyyəti özəl müəssisələrə yönəldilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti