Bakı. Trend:
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artaraq 133 mlrd. 825,8 mln. manat, qeyri-neft-qaz sektorunda isə 9,1% artaraq 69 mlrd. 826 mln. manat təşkil edib.
Qeyd edək ki, Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatına əsasən Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1%, ECA regionu ilə müqayisədə isə 2.7% daha yüksək olacaqdır.
2022-ci ilin iyun ayı proqnozlarından faiz bəndi ilə müqayisədə Azərbaycan 2023-cü il üzrə bütövlükdə Avropa və Mərkəzi Asiya regionunda real ÜDM-də müsbət artım göstərməsi proqnozlaşdırılan 4 ölkədən biridir.
Mövcud şəraitdə qlobal iqtisadiyyatın təzyiq altında olmasını nəzərə alaraq Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” hesabatında 2023-cü ildə median gəlirlərin artmasına və ümumi rifah səviyyəsinin yüksəlməsinə dair bir sıra struktural addımlar tövsiyə edir. Belə ki, yeni iş yerlərinin yaradılması və istehsalın artırılması üçün daha çox investisiya qoyuluşlarının təşviq edilməsi tövsiyə olunur. Bunun üçün isə, əlverişli biznes mühiti çərçivəsində inkişafa meylli addımların atılması, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, birbaşa xarici investisiyaların cəlb edilməsinə yönəlik fəaliyyətlərin genişləndirilməsinə ehtiyac duyulur.
Bunlarla yanaşı, transsərhəd ticarət əlaqələrinin şaxələndirilməsi üçün əməkdaşlığın gücləndirilməsi, çeşidli bazarlara çıxış, gömrük sazişləri kimi razılaşmalar vasitəsilə ticarətin inkişafını sürətləndirmək istiqamətində səylər də zəruri hesab olunur.