...

Ötən il ərzində Mərkəzi Bankda 99 valyuta hərracı keçirilib

İqtisadiyyat Materials 17 Fevral 2023 06:19 (UTC +04:00)

Bakı. Trend:

Ötən il ərzində Mərkəzi Bankda (MB) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə 99 valyuta hərracı keçirilib.

Trend Mərkəzi Banka istinadla xəbər verir ki, MB-nın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 2048 milyon ABŞ dolları təşkil edib. İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyənləşdirilib. İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6971 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.

Hesabat ilində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişib. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8,4 faiz, real effektiv məzənnəsi isə 3,6 faiz möhkəmlənib. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti