Bakı. Trend:
Son dövrlər investisiya dedikdə, insanların ağlına ilk olaraq daşınmaz əmlak gəlir. Bir çox insan banklara depozit qoymaq əvəzinə daşınmaz əmlaka yönəlir.
Hansı daha sərfləlidir? İnsanlar nəyə görə bank depozitlərindən uzaqlaşır?
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, pademiyadan sonra inflyasiya artdıqca qeyd edildi ki, ölkədə insanların daşınmaz əmlaka marağı kəskin şəkildə artacaq.
"Yaranmış inflyasiya insanların vəsaitlərini dəyərsizləşdirir. Vəsaitlərin dəyərsizləşməsi bankların təklif etdiyi depozit faizlərini udur. Yəni insan bu gün banka müəyyən məbləğ qoyduqda, ilin sonunda bankın ona verdiyi depozit faizindən daha çox, o pul dəyər itirir", - deyə o əlavə edib.
Ekspert qeyd edib ki, daşınmaz əmlakda isə vəziyyət bir qədər fərqlidir.
"Daşınmaz əmlaka vəsait qoyan insanlar demək olar ki, nə zaman istəsə həmin əmlakı satışa çıxara bilər və əldə etdiyi vəsait inflyasiyanın zərərlərini kompensasiya edə bilər. Hələ sahibinə bir qədər də əlavə dividend gətirə bilər. Məhz bu səbəb insanların banklardan daha çox daşınmaz əmlaka üz tutmasına səbəb olur", - deyə E.Əmirov bildirib.