...

COP28 çərçivəsində Yanğın Emissiyalarının Azaldılması üzrə Ümumdünya Alyansı yaradıldı

İqtisadiyyat Materials 5 Dekabr 2023 12:41 (UTC +04:00)
COP28 çərçivəsində Yanğın Emissiyalarının Azaldılması üzrə Ümumdünya Alyansı yaradıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dubayda keçirilən COP28 iqlim sammiti çərçivəsində Yanğın Emissiyalarının Azaldılması üzrə Ümumdünya Alyansının yaradılmasına dair yanğınla mübarizə sahəsində beynəlxalq qurumlar arasında müvafiq Anlaşma Memorandumları (MoU) və niyyət Bəyannamələri imzalanıb.

Trend “Emirates” informasiya agentliyinə istinadən xəbər verir ki, yanğınlardan qaynaqlanan qlobal karbon emissiyalarını azaltmaq üçün beynəlxalq koalisiya yaratmağı hədəfləyən yeni alyans Beynəlxalq İqlim Dəyişikliyi Qanununun Mühafizəsi (I2LEC) təşəbbüsü çətiri altında iqlim dəyişikliyinin mənfi təsirini yumşaltmaq üçün dünya miqyasında birgə səylərə töhfə verəcək.

Yanğın Emissiyasının Azaldılması üzrə Ümumdünya Alyansının yaradılması rəsmi olaraq COP28 zamanı “Eko hazırlıq” adlı beynəlxalq konfransda yanğınlarla mübarizədə beynəlxalq əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi strategiyalarının tədqiqinə, onların ekoloji nəticələrinin aradan qaldırılmasına xüsusi diqqət yetirilməsinə dair Bəyannamə ilə rəsmi olaraq elan edilib və imzalanıb.

Anlaşma Memorandumlarını BƏƏ-ni təmsil edən Dubay Mülki Müdafiə Departamentinin baş direktoru Rəşid Tani Al Matruşi, Böyük Britaniya Milli Yanğın Rəhbərləri Şurasının (NFCC) ərazi komandanı Riçard Abbot, Fransa Yanğınsöndürənləri Milli Federasiyasının (FNSPF) vitse-prezidenti Erik Flores, Hindistan Yanğın və Təhlükəsizlik Assosiasiyasının (FSAI) prezidenti Ajit Racavan, Avstraliya Yanğından Mühafizə Assosiasiyasının (FPA) baş direktoru Con Kolli və 50-yə yaxın ölkəni əhatə edən Beynəlxalq Yanğın və Xilasetmə Xidmətləri Assosiasiyasının (CTIF) prezidenti Milan Dubrovac imzalayıblar. BƏƏ tərəfi, həmçinin icraçı katibi Otto Drozd tərəfindən təmsil olunan Amerika Birləşmiş Ştatlarının Milli Yanğından Mühafizə Assosiasiyası (NFPA) ilə “Niyyət Bəyannaməsi” imzalayıb.

Sənədləri imzalayan tərəflər qlobal miqyasda 56-dan çox ölkəni kollektiv şəkildə təmsil edərək, təhlükəsizliyin möhkəmləndirilməsi, fəlakətlərin qarşısının alınması və dünya miqyasında icmaların rifahına həsr olunmuş genişmiqyaslı qlobal alyans yaradıblar. Alyansın fəaliyyəti yanğın hadisələri nəticəsində yaranan karbon emissiyalarının azaldılmasında dövlətlərə kömək etməyə və nəticədə, qlobal miqyasda iqlim neytrallığına töhfə verməyə yönəldiləcək.

COP28-in “Eko hazırlıq” proqramı dünya üzrə əsas yanğınsöndürmə təşkilatlarını cəlb edən qlobal yanğın hadisələrinin məlumat bazası üçün mərkəzləşdirilmiş platforma rolunu oynayır. Sistem müxtəlif qitələrdə yanğın hadisələri nəticəsində yaranan karbon emissiyalarını müəyyən etmək üçün ətraflı təhlillər aparır. Toplanmış məlumatlar diqqətlə təsnif edilir və hər bir müvafiq qitə üçün cavabdeh olan yanğınsöndürmə təşkilatları ilə paylaşılır. Proqramın əsas məqsədi yanğın hadisələrinin və onlarla əlaqədar karbon emissiyalarının qlobal miqyasda azaldılmasına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti