Bakı. Trend:
Azərbaycan və Dünya Bankı (DB) COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.
"Dünya Bankının baş icraçı direktoru Axel van Trotsenburg və DB
komandası ilə görüşdən məmnun oldum.
Bankın ölkəmizdəki cari fəaliyyəti, növbəti dövr üzrə Ölkə
Tərəfdaşlıq Çərçivəsi və COP29-la əlaqəli mümkün əməkdaşlıq
imkanları ətrafında faydalı fikir mübadiləsi apardıq", - deyə T.
Kazımov qeyd edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.