Bakı. Trend:
COP29-da qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq, emissiya üzrə qlobal səyləri artırmağa diqqət ayrılıb.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasında Macarıstan höküməti təmsilçisi Veronika Bagi mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, həmçinin, mədən yanacaqlarından uzaqlaşmaq əsas məsələlərdən biridir.
“Bu il maliyyə baxımından xüsusilə vacibdir və gələn il COP30-a heç nə qoymayaraq iddialı və real məqsədə nail olmaq niyyətindəyik.
Qlobal həmrəyliyə qarşı kollektiv məsuliyyətlə bunu edə bilən tərəflərlə geniş ianəçilər qrupu ilə razılaşmalıyıq.
Maliyyənin ən həssas olanlara getməsini təmin etməliyik. Biz də özəl sektora güclü siqnal göndərməliyik, çünki özəl sektor olmadan biz tam yaşıl keçidə nail ola bilməyəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.