Bakı. Trend:
Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.
Bu barədə Trend tənzimləyici quruma isitnadən xəbər verir.
Bildirilib ki, Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyən etməklə, 2024-2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin, sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.
Qeyd olunub ki, “SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir.
“SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir.
Eyni zamanda, “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaq.
Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:
Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi Nəzarət informasiya sisteminin tətbiqi
Yol Xəritəsinin qısa icmalı ilə bu linkdən tanış ola bilərsiniz:
https://uploads.cbar.az/assets/feeb62eb12b5c144caa99818e.pdf