Bakı. Trend:
Ötən il Hesablama Palatası İğdır-Naxçıvan qaz kəmərinin tikinti layihəsini audit edib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deyib.
"Fəaliyyətimizdə maraqlı tərəflərlə əməkdaşlıq mühüm yer tutur. Hesabat ilində ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirə ali audit orqanı olaraq biz də qoşulmuş, “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə beynəlxalq həmkarlarımızla müzakirələr aparmışıq.
İlk dəfə olaraq, Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinə üzv seçilmişik. Bundan əlavə, həmkar ali audit orqanı ilə paralel audit aparılmış, audit İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsini əhatə edib", - deyə sədr bildirib.