Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 44 ton yod istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 4,7 ton azalıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 48,7 ton yod istehsal edilmişdi.
Qeyd edək ki, cari ilin ilk üç ayında ölkədə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 554,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3%, kimya sənayesi məhsullarının istehsalı 1,9% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 1,8% azalıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1%, polietilen istehsalı 0,5% artıb, etilen istehsalı 2,3%, propen (propilen) istehsalı 10,4%, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3%, polietilendən kisə və çantalar istehsalı isə 38,6% azalıb.