Bakı. Trend:
2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və Ümumdünya Şəhərlər Forumu ərəfəsində, Azərbaycan beynəlxalq ictimaiyyətin birgə səylərinə öz töhfəsini verməyə - biliklərini və qabaqcıl təcrübələrinin bölyüşməyə və daha dayanıqlı və yaşayış üçün əlverişli şəhərlərin və icmaların yaradılmasına şərait yaradan həlləri təşviq etməyə hazırdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Cənubi Koreyanın ev sahibliyi etdiyi “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü – 2025”də iştirakçılar qarşısında çıxışı zamanı deyib.
O, çıxışında Azərbaycanın qlobal iqlim prosesində fəal rolunu vurğulayıb:
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ən mühüm konfranslarından biri olan COP29-u uğurla keçirdik”.
Onun sözlərinə görə, Azərbaycan 2025-ci ildə COP29-un sədrliyini davam etdirərək, əldə edilmiş tempi qorumaqda qərarlıdır:
“Biz başladığımız işi davam etdirməyə, iqlim ambisiyalarını artırmaq və konkret tədbirlərin qəbul olunması üçün platforma təmin etməyə sadiqik. Hesab edirik ki, biz “Bakı Maliyyə Məqsədi” adlandırdığımız yeni kollektiv kəmiyyət məqsədi (NCQG), eləcə də, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin həyata keçirilməsində mühüm rol oynayacaq”.
Tağıyeva, həmçinin, şəhərlərin iqlim və ekoloji məqsədlərin gerçəkləşməsində əsas rola malik olduğunu diqqətə çatdırıb:
“COP29 şəhərlərin iqlim fəaliyyətinin hərəkətverici qüvvəsi və ekoloji həllərin axtarışında vacibliyini vurğulayır”, – deyə o bildirib.
Nazir müavini dayanıqlı şəhərlərin inkişafına verdiyi töhfəyə görə Koreya Respublikasına minnətdarlığını ifadə edib:
“Ağıllı şəhər planlaşdırılması sahəsində Koreya Respublikasının liderliyini yüksək qiymətləndiririk”, – deyə o qeyd edib. – “Azərbaycan üçün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə” ev sahibliyi etmək və bu mühüm təşəbbüsün təşviqini davam etdirmək böyük şərəfdir”.
5 iyun tarixində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü Koreya Respublikasının hökumətinin dəstəyi ilə Çecu adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə “Plastik çirklənməsinə son qoyaq” mövzusuna həsr olunub və plastik tullantıların azaldılması, dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsi üzrə birgə fəaliyyətlərin stimullaşdırılmasına yönəlib.
2026-cı ildə Azərbaycan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün ev sahibi olacaq. Tədbirin əsas mövzusu iqlim dəyişikliyi olacaq. Bu hadisə Azərbaycanın beynəlxalq ekoloji əməkdaşlığa verdiyi töhfəni önə çıxarmaqla yanaşı, COP29-un nəticələrinin təşviqinə xidmət edəcək və gələn il yenə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərlər Forumu ilə sinerjini daha da gücləndirəcək.